KONFRANSIN MƏQSƏDİ

Konfransın əsas məqsədi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının malik olduğu təbii, iqtisadi və coğrafi resursların düzgün qiymətləndirilməsi, onlardan davamlı makroiqtisadi inkişaf məqsədilə daha səmərəli istifadə olunmasından ibarət olmaqdadır. İqtisadi inkişafın indiki mərhələsində muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni keyfiyyət mərhələsinin başlanması səbəbindən daha səmərəli iqtisadi layihələrin həyata keçirilməsi proseslərinə başlanılmışdır ki, bu da, nəticə etibarı ilə, ölkənin milli iqtisadiyyatına dolğun qaydada inteqrasiya olunma məsələlərini aktuallaşdırmışdır.
Ölkəmizin tarixi ərazi bütövlüyünün və milli suverenlyinin etibarlı qaydada olmaqla təmin olunması və yeni iqtisadi reallıqların əhəmiyyətinin yüksəldilməsi bütün tərəflərinə görə yaxın, orta və uzunmüddətli iqtisadi prioritetlərin də önəmini daha da artırmışdır. Bu mənada, ölkə başçısının 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunan Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı olduqca mühüm əhəmiyyətə malik olmaqdadır. Orada muxtar respublikanın müasir iqtisadi inkişaf strategiyası ilə birlikdə, yerli xammala əsaslanan istehsal təsisatlarının yaradılması, idxaldan asılılığın məhdudlaşdırılması və bu sahənin etibarlılığının artırılması sahəsində dayanıqlı infrastruktur təsisatlarının yaradılması və bütün bunlarla da, ixracyönümlü məhsulların istehsalı sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsindən ibarət olan makroiqtisadi inkişaf məsələlərinə yer verilmişdir.
Dövlət proqramının müxtəlif bəndlərində, xüsusi olaraq da, onun GZİT təhlili üzrə “imkanlar” bölməsində “ixracyönlü sənaye sahələrinin inkişafı perspektivləri”nin iqtisadi və sosial əhəmiyyəti elmi cəhətdən də olmaqla, əsaslandırılmışdır. Həmin hüquqi sənədin 4.1.3. Prioritet 3. “İxracyönlü sənayenin inkişafı” adlanır. Orada göstərilir ki, İxracyönlü sənaye sahəsində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artacaq, istehsal olunmuş sənaye məhsullarının keyfiyyəti yüksələcək, həmçinin yeni iş yerləri yaradılacaqdır. Naxçıvan Muxtar Respublikasında dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, Şərur Sənaye Məhəlləsinin fəaliyyətə başlaması təmin olunacaq, Naxçıvan Muxtar Respublikasında Sənaye Parkı yaradılacaq, istehsal olunan sənaye məhsullarının xarici bazarlara ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət–özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcəkdir.
Məhz konfransın keçirilməsinin əsas məqsədi də, müvafiq mövzu üzrə elm adamlarının çoxistiqamətli elmi araşdırma nəticələrinin kompleksləşdirilməsi, sistemləşdirilməsi və milli iqtisadiyyatın uzunmüddətli perspektivlərinin daha da əlçatan olması sahəsindəki əsaslandırmalardan ibarət olmaqdadır.